MƏDƏNİYYƏT
GÖRKƏMLİ MUSİQİÇİNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tanınmış musiqiçi və müğənnilərimizin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “Xalq qəzeti”ndə “Qızıl patefon” rubrikasının yaradıcısı və aparıcısı, sənət adamlarına həsr olunmuş iki - “El sevsə sənətkarı”, “Səni məndən soruşsalar...” - kitabın müəllifi Rafiq Salmanov Əhəd Əliyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Natiq qeyd etmişdir ki, 1893-cü ildə yoxsul bir ailədə doğulan, iki yaşından göz xəstəliyinə tutulan, nəticədə dünya işığından məhrum olan uşaq öz meylini qarmona salmış, ilk olaraq “Uzundərə” və “İnnabı” oyun havalarını çalmağı öyrənmişdir. Günlər keçdikcə sənətə olan sonsuz həvəsi, yorulmadan çalışması onu məşhurlaşdırmışdır.
Qeyd olunmuşdur ki, hələ sağlığında adı əfsanəyə dönmüş sənətkar Azərbaycan xalq musiqisini təkcə öz vətənində deyil, həm də bir çox Şərq ölkələrində böyük müvəffəqiyyətlə təbliğ etmişdir. Əhəd həm də virtüoz sənətkar idi. Onun çalğı texnikası, ifaçılıq məharəti, özünün improvizə üslubu çaldığı havaların melodik imkanlarını artıraraq ümumi bir vəhdət yaradırdı. Elə buna görə də onun ifasında səslənən muğamlar təsirli, rəqs havaları isə şux və oynaq olurdu.
Əhədin sənətkarlığı o dövrdə təbii ki, görkəmli bəstəkarlarımızın da diqqətindən kənarda qala bilməzdi. Onu Müslüm Maqomayev radioya, Üzeyir Hacıbəyov isə Opera Teatrına dəvət etmişdir.
Yubiley tədbirində çıxış edənlər onu da xüsusi vurğuladılar ki, Əhəd öz sənəti ilə bu gün də xalqının qəlbində, şagirdlərinin əməllərində yaşayır.