MƏDƏNİYYƏT
GÖRKƏMLİ MUSİQİÇİ MSTİSLAV ROSTROPOVİÇ DÖVLƏT SİMFONİK ORKESTRİ İLƏ MƏŞQ ETMİŞDİR
Hazırda Azərbaycanda olan görkəmli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç martın 1-də Respublika Sarayında Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri ilə məşq etmişdir. Martın 3-də olacaq konsertdə orkestrə drijorluq edəcək Mstislav Rostropoviç dahi rus bəstəkarlarının əsərlərindən ibarət proqram hazırlayır. Proqrama Çaykovskinin “Şelkunçik” baletinin uvertürası və Şostakoviçin “Bayram uvertürası” daxildir.
Orkestrin musiqiçiləri Yaponiya hökumətinin qrantı hesabına “Yamaha” firmasından alınmış və bir gün əvvəl Mstislav Rostropuviçin onlara təqdim etdiyi musiqi alətlərində ifa edirdilər.
Martın 1-də Mstislav Rostropoviç Bakı Musiqi Akademiyasında ustad dərsi keçmişdir. Akademiyanın salonuna toplaşmış tələbə və müəllimlər, paytaxtın bir sıra musiqi məktəblərinin şagirdləri dahi musiqiçini və onun xanımını səmimiyyətlə salamladılar.
Ustad dərsi başlanmazdan əvvəl, Akademiyanın rektoru professor Fərhad Bədəlbəyli çıxış etdi. O, həmyerlimizi və onun xanımını, görkəmli opera müğənnisi Qalina Vişnevskayanı salamlayaraq dedi ki, Mstislav Rostropoviç artıq 5 ildir verdiyi sözə sadiq qalaraq Bakıya gəlir və Azərbaycanın gənc istedadları ilə ustad dərsləri keçir. Rektor dahi musiqiçiyə təşəkkür edərək bildirdi ki, onun akademiyada keçdiyi bütün dərslər lentə çəkilmişdir və tələbələr üçün tədris vəsaitidir.
Ustad dərsində violonçelçalan Aleksey Miltıx \professor Eldar İsgəndərovun sinfi\, altçalan Fuad İbrahimov, skripkaçı Oqtay Zeynalov \professor Bayandur Mehdiyevin sinfi/ iştirak etdilər. Haydnın, Hindemitin əsərləri səsləndi.
Ustad dərsinin gedişində Mstislav Rostropoviç gənc musiqiçilərə ifaçılıq məharətinin təkmilləşdirilməsinə dair bir sıra məsləhətlər verdi.
Mədəniyyət naziri Polad Bülbüloğlu, digər rəsmi şəxslər ustad dərsində olmuşlar.