ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİMİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin binasında keçirilən I bölmə iclasında akademiyanın müxbir üzvü, AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi Ağamusa Axundov tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
İclasda Azərbaycan, Rusiya, Türkiyə alimləri “Azərbaycanda ərəb ədəbiyyatının Şərq-Qərb konsepsiyası yönümündə araşdırılmasına dair bəzi mülahizələr”, “Şərq və Qərb: iki düşüncə tərzi”, “Aida İmanquliyevanın elmi yaradıcılığında Qərb-Şərq ədəbi əlaqələrinin tədqiqi“, “Rus poeziyasında Şərq motivləri və ərəb məhcər ədəbiyyatı Şərq-Qərb probleminin tədqiqi kontekstində”, “Aida İmanquliyevanın elmi irsi və ərəbşünaslığın müasir problemləri” və s. mövzularda məruzələr etmişlər.
Məruzəçilər professor Aida İmanquliyevanın elm sahəsindəki nailiyyətlərindən, onun elmi irsinin, ayrı-ayrı əsərlərinin əhəmiyyətindən, ölkəmizdə şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən ətraflı söhbət açmış, ərəb ədəbiyyatı sahəsində respublikada Azərbaycan dilində ilk monoqrafiyanın müəllifinin məhz Aida İmanquliyeva olduğunu xatırlatmışlar.
Azərbaycan Universitetində keçirilən II bölmə iclasında rektor, Milli Məclisin deputatı, professor Səlahəddin Xəlilov ölkəmizdə şərqşünaslığın inkişaf yollarından danışaraq demişdir ki, ötən əsrin 70–ci illərindən başlayaraq Şərq-Qərb problematikasının öyrənilməsinin əsasını qoyan Aida İmanquliyeva həqiqətən Azərbaycanda humanitar elm sahəsində inqilab etmişdir. O, təkcə ərəb məhcər ədəbiyyatını tədqiq etməklə kifayətlənməmiş, bütövlükdə Şərq-Qərb ədəbi əlaqələrini və bunun perspektivləri məsələsini öyrənmişdir.
Sonra Azərbaycan, Rusiya, ABŞ alimlərinin “Şərq-Qərb:sivilizasiyaların dialoqu”, “Həyatın fenomenologiyası Qərb və Şərq–İslam fəlsəfəsi arasında metafizik dialoq üçün əsas kimi”, “Qloballaşma və milli mədəni identifikasiya problemləri”, “Şərq və Qərb: mədəniyyətlərin dialoqu (komparativ sivilizasion analizin metodoloji prinsipləri)”, “Münaqişələrin həll edilməsinin Şərq-Qərb münasibətlərinə təsiri (ümumi baxış)”, “Azərbaycan şərqşünaslığının qadın ulduzu”, “Aida İmanquliyeva elmimizdə fundamental nəzəri-metodoloji mövqenin – sintez yanaşmanın yaradıcılarındandır” və digər mövzularda maraqlı məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, indiki qloballaşma dövründə müxtəlif
sivilizasiyaların qarşılıqlı əlaqəsi və dialoqu zəruri tarixi prosesdir.
Professor Aida İmanquliyevanın elmimizə gətirdiyi, təməlini qoyduğu nəzəri metodoloji mövqe barədə danışan natiqlər vurğulamışlar ki, alimin “Yeni ərəb ədəbiyyatı korifeyləri“ adlı fundamental əsəri şərqşünaslıq, filologiya, ədəbi metod və nəzəriyyə, fəlsəfi, estetik cərəyanlar, dilçilik, tərcüməçilik və s. kimi elmlərin qovuşuğunda olan bütöv problemlər kompleksinin təhlili üçün metodoloji əsas kimi dəyərlidir.
Məruzəçilər professor Aida İmanquliyevanın zəngin elmi irsinin dərindən tədqiq edilməsi və nəşrinin vacibliyini söyləmişlər.
Bununla da konfrans işini başa vurmuşdur.