GÖRKƏMLİ SELEKSİYAÇI ALİM, AKADEMİK CƏLAL ƏLİYEVİN TƏDQİQATLARI BÖYÜK FAYDA VERİR
AzerTAg.az
Respublika Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Tərtər Regional Mərkəzi və “Elit” Elm İstehsal Birliyinin Tərtər bölgə təcrübə stansiyasında ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müşavirədə taxılçılığın elmi əsaslarla inkişafından geniş söhbət açılmış, sosial-iqtisadi problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir. Tərtər təcrübə stansiyasının direktoru Faiq Məmmədov və digər natiqlər tanınmış seleksiyaçı alim, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin bu sahədə xidmətlərini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, məhz onun şəxsi təşəbbüsü ilə təcrübə stansiyasında “Müsabiqəli qrantlar və elmi sistemlərin islahatları” proqramı uğurla həyata keçirilir. Yeni proqram ölkədə kənd təsərrüfatının inkişafına da güclü təkan verəcəkdir. C.Əliyevin təşəbbüsü ilə taxılçılıq sahəsində tanınmış beynəlxalq mərkəzlərin əməkdaşları, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstan alimləri hər il stansiyada olur, dəyərli məsləhətlərini verirlər. Burada arpa, bərk və yumşaq buğdanın seleksiyası aparılır, xəstəliyə davamlı, yüksək məhsuldar sortlar yaradılır. Tanınmış alimin yaratdığı “Bərəkətli”, “Əlincə-84”, “Nurlu”, “Şiraslan-23”, “Əzəmətli”, “Qiymətli-2/17” və digər sortlardan yüksək məhsul götürülür.
Stansiya respublikamızın fermer təsərrüfatlarını yüksək reproduksiyalı toxumla təmin edir. Bu il toxumçuluq şöbəsi 226 hektar sahədə səpin aparmışdır. Taxıl sahələri elmi işçilərin nəzarəti altında becərilir.
Xəbərin mətnində orfoqrafik səhv var