ELM VƏ TƏHSİL
GÖRMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ VƏ ZƏİF GÖRƏN UŞAQLAR ÜÇÜN ƏDƏBİYYAT ÇAP EDƏN MAŞIN ALINACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanovun “Ümidli gələcək” Gənclər Təşkilatının prezidenti Nabil Seyidov və İnsan Hüquqları və Demokratiyanın İnkişafı Proqramları Departamentinin direktoru Təranə Şərifova ilə görüşündə Valideyn-Müəllim Əməkdaşlığı Assosiasiyasının işi ilə bağlı söhbət aparılmış, sentyabr ayında bu qurumun təsis konfransının keçirilməsi müzakirə olunmuşdur. Nabil Seyidov bildirmişdir ki, görmə qabiliyyətini itirmiş və zəif görən uşaqlar üçün ədəbiyyat çap edən maşınının alınması haqqında hələ ötən il layihə hazırlanmışdır və bu avadanlıq aprelin sonunda Bakıya gətiriləcəkdir. 7,8 min ABŞ dolları dəyərində olan çap maşınının gətirilməsi üçün yol xərclərini Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin xanımı Lesli Harniş öz üzərinə götürmüşdür.
Misir Mərdanov həmin avadanlığın alınması ilə bağlı çatışmayan vəsaitin nazirliyin daxili imkanları hesabına ödənilməsi üçün müvafiq tapşırıq vermişdir.
Görüşdə digər məsələlər də müzakirə olunmuşdur.