REGİONLAR
GÖYÇAYDA KƏND TƏSƏRRÜFATI MƏHSULU İSTEHSALININ HƏCMİ ARTSA DA, İMKANLARDAN TAM İSTİFADƏ OLUNMUR
Göyçay Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının məbləği 47 milyon 200 min manat təşkil etmişdir. Bu, 2006-cı ildəkindən 3 milyon 762 min manat çoxdur.
Ötən il Göyçayda 976 hektar sahədə yeni nar bağı salınmışdır. Nəticədə meyvə bağlarının ümumi sahəsi 3.696 hektara çatdırılmışdır. Rayonda ipəkçiliyi inkişaf etdirmək məqsədilə “Şəki-İpək” ASC-nin Göyçay barama idarəsi yaradılmışdır. Son 2 ildə rayon ərazisində 31 min ədəd tut ağacı tinqi əkilmişdir. Ötən il rayon üzrə 3.730 kiloqram barama istehsal olunmuşdur. Lakin həvəsləndirici tədbirlərin görülməsinə fərdi təsərrüfat sahibləri və torpaq mülkiyyətçilərinin baramaçılığa ögey münasibətləri dəyişməmişdir.
Mütəxəssislərin fikrincə, rayonun bir çox yaşayış məntəqələrində baramaçılıqla yanaşı, pambıqçılığın inkişafı üçün mövcud olan potensial imkanlardan da zəif istifadə edilir. Rayonun kənd təsərrüfatının aparıcı və ənənəvi sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə təsirli tədbirlər görülmür. Ötən il Göyçayda cəmi 47 ton pambıq istehsal olunmuşdur. Bu da 2006-cı ilə nisbətən 201 ton azdır. Rayonun Bəydövül, Şəkər, Mırtı, Ləkçiplaq, Qaraman, Kürdşaban, Məlikkənd, İncə, Yalman kənd ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin zəif təşkilatçılıq işinin nəticəsidir ki, həmin məntəqələrdə ötən il bir hektar da olsun pambıq əkilməmişdir. Halbuki, əvvəllər rayonda istehsal olunan pambığın 50-55 faizi həmin kəndlərin payına düşürdü.