REGİONLAR
GÖYÇAYDA “NAR BAYRAMI” KEÇİRİLƏCƏK
Göyçayı respublikamızın nar bağı adlandırırlar. Məşhur “Gülöyşə”, “Şıxbaba”, “Vələs” və s. sortların yetişdirildiyi bölgədə hər il bağlardan orta hesabla 25-30 min ton nar yığılır. Göyçay narı və ondan hazırlanan şirələr nəinki respublikamızda, habelə MDB məkanında, eləcə də bir sıra Avropa ölkələrində həvəslə alınır.
Öz narı və digər əvəzsiz nemətləri ilə öyünən göyçaylılar gələn ay Nar bayramı keçirmək təşəbbüsünü irəli sürmüşlər və hazırda bu tədbirə ciddi hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Nar bayramı respublika səviyyəsində təşkil olunacaqdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu barədə xüsusi qərar qəbul etmişdir. Tədbirin oktyabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdur.
Müxtəlif sort narların və onlardan alınan şirələrin nümayiş etdiriləcəyi bayrama Göyçayın, habelə respublikamızın tanınmış narçıları, eləcə də xarici qonaqlar dəvət olunacaqlar.