GÖYÇAYDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 31 Mart - Azərbaycanlıların soyqırımı günü Göyçayda da qeyd olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gedərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad etmiş, abidə kompleksi önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Kompleksin önündə keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Qarabağ müharibəsi əlili Rövşən Şərifov və başqaları çıxış edərək “böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımızın 1918-ci ilin martında Bakıda, Göyçayda, Şamaxıda, Qubada, Lənkəranda törətdikləri qırğınların acı həqiqətlərindən, soyqırımı qurbanlarının başına gətirilmiş müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açmışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev soyqırımla əlaqədar 1998-ci il martın 26-da Fərman imzalamaqla, günahsız yerə öldürülmüş minlərlə azərbaycanlının əziz xatirəsinin unudulmasına imkan vermədi, ermənilərin isə beynəlxalq aləmdə ifşasına başlandı.