REGİONLAR
GÖYÇAYDA TAXIL BİÇİNİ KAMPANİYASI UĞURLA DAVAM EDİR
Göyçay taxılçıları bu il 16 min 176 hektar sahədə bol məhsul yetişdirmişlər. Hazırda rayonun bütün ərazi bölgələrində taxıl yığımı müvəffəqiyyətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər gün zəmilərə orta hesabla 50-55 kombayn, 60-dan çox yük avtomobili və yedəkli traktor çıxarılır. Biçində 5 yeni kombayn işləyir ki, bunun 4-ü təzə yaradılmış aqrolizinqə məxsusdur.
Hələlik arpa zəmiləri biçilir. Orta məhsuldarlıq 25,8 sentner təşkil edir ki, bu da keçən ilin müvafiq göstəricisindən çoxdur.
Mütəxəssislərin qənaətinə görə, cari ildə zəmilərdən 42 min tonadək taxıl gözlənilir. Bu, inişilkindən 700-800 ton artıqdır.