REGİONLAR
GÖYÇAYDA TAXIL İSTEHSALINA MARAQ ARTMIŞDIR
Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı Göyçay taxılçılarının da ürəyincə olmuşdur.
2008-ci ilin məhsulu üçün rayonda 16 min 885 hektar sahədə şum qaldırılmış, 16 min 448 hektar sahəyə taxıl əkilmişdir. 437 hektar sahədə isə digər yazlıq bitkilər əkiləcəkdir. Səpin keçirilmiş 10 min 210 hektara buğda, 6.238 hektara isə arpa əkilmişdir. Ötən il isə 224 hektar sahədə taxıl əkilmişdi ki, onun da 11 min 218 hektarı buğda, 5.006 hektarı arpa olmuşdu. Ötən illə müqayisədə cari ildə rayonda buğda əkini 1.008 hektar azalmış, arpa əkini isə 1.232 hektar artmışdır.
Arpa istehsalına olan marağın artması rayonda heyvandarlığın və quşçuluğun sürətli inkişafı ilə əlaqədardır.
Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin qərarı buğda istehsalçılarını işə həvəsləndirmişdir. Gələcəkdə bu sahədə də istehsalın artacağı proqnozlaşdırılır.