İQTİSADİYYAT
GÖYÇAY ÇAYINDAN İSMAYILLI ŞƏHƏRİNƏ YENİ SU KƏMƏRİ ÇƏKİLİR
“Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezidentin 2005-ci il 25 avqust tarixli Sərəncamında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, İsmayıllı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Göyçay çayından yeni kəmər çəkilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 500 millimetrlik borularla çəkilən 28 kilometrlik yeni xətt 16 min 500 nəfərdən çox sakini olan şəhərin su problemini aradan qaldıracaqdır. İşləri tenderdə qalib gəlmiş “Azəraqrartikinti” ASC həyata keçirir. Layihəyə əsasən, bu il 500 min manatlıq iş görülməlidir.
Layihə çərçivəsində şəhərdaxili su, habelə kanalizasiya xətləri də yenidən qurulur. Artıq 1500 metr uzunluğunda kanalizasiya xətti mərkəzi kollektora birləşdirilmişdir.
Şəhərdə su-kanalizasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində müasir standartlara cavab verən təmizləyici qurğunun tikilməsi də nəzərdə tutulmuşdur.