İDMAN
GÖYÇAY OLİMPİYA-İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 4-də Göyçay Olimpiya-İdman Kompleksinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, respublika gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu əlamətdar gün münasibətilə göyçaylıları, idman ictimaiyyətinin nümayəndələrini təbrik etmişlər.
Natiqlər ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş olimpiya hərəkatının hazırda dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qısa müddətdə Azərbaycanın idman ölkəsinə çevrildiyini, burada çoxsaylı beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirildiyini qeyd etmişlər. Prezident İlham Əliyev 2005-ci ilin iyulunda Göyçaya səfəri zamanı bu rayonun gənclərinə də yeni Olimpiya kompleksini hədiyyə edəcəyini bildirmişdi və bu gün hamımız həmin idman sarayının təməlqoyma mərasimində iştirak etməkdən qürur duyuruq deyən natiqlər, müasir standartlara uyğun şəkildə tikilib istifadəyə veriləcək bu kompleksdə təcrübəli idmançıların yetişdiriləcəyinə, yüksək səviyyəli yarışların keçiriləcəyinə əmin olduqlarını bildirmişlər.
İdmançılar Azərbaycan gəncliyinə və idmanına göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq etmişlər.
Sonra kompleksin təməli qoyulmuşdur. Gənclər və İdman Nazirliyinin sifarişi ilə Göyçay şəhərinin girişində, Bakı-Qazax magistral yolunun kənarında inşa edilən və baş plana əsasən 6,5 hektar sahəni əhatə edən bu olimpiya şəhərciyində əsas korpusla yanaşı üzgüçülük hovuzu, futbol, voleybol, basketbol və uzunluğa tullanma meydançaları, tennis kortu, soyunub-geyinmə otaqları, duşxanalar, 5 kottec, ikimərtəbəli 80 yerlik mehmanxana, yeməkxana, su nasos stansiyası, su anbarı, qazanxana, transformator və avtomobil dayanacağı da olacaqdır. Bütün tikililər müasir standartlara uyğun mühəndis-texniki qurğularla təchiz ediləcəkdir.
İnşaat işlərini “RK Təmir-Tikinti” şirkəti həyata keçirir. Hazırda obyektdə 40 işçi çalışır. İnşaat işləri genişləndikcə burada eyni vaxtda 100-dən artıq işçinin çalışacağı gözlənilir. Havaların isti keçməsinə baxmayaraq tikinti meydançasında işlər dayandırılmır. Bu ilin sonunadək əsas korpusun tikintisinin başa çatdırılması və kompleksin 2008-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinədək istifadəyə verilməsi nəzərdə tutulur.