MƏDƏNİYYƏT
GÖZƏL FİLMLƏRİ ONA ƏN YAXŞI ABİDƏDİR MOSKVADA GÖRKƏMLİ AZƏRBAYCAN KİNOREJİSSORUNUN XATİRƏ GECƏSİ
Belə bir tədbirin keçirilməsi heç də təsadüfi deyildir. Əjdər İbrahimovun yaradıcılıq həyatının 40 ili “Mosfilm”də keçmişdir, onun çəkdiyi bədii filmlər, haqlı olaraq, həm Azərbaycanın, həm də Rusiyanın qızıl kinofonduna daxildir. Ə.İbrahimovun Sovet İttifaqının ən yaxşı 100 filmi sırasına daxil edilmiş “26 Bakı komissarı” filmini xatırlamaq kifayətdir. Onun təkrarsız “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Ürək məsələləri”, “Qəribə adam”, “Məhəbbətim, kədərim mənim” və digər filmləri Azərbaycan kinematoqrafıyasının klassik nümunələri hesab edilir.
Xatirə gecəsini Rusiya rejissoru Georgi Jemçujnı açdı. O, sənətkarın həyat və yaradılcılığından danışaraq dedi ki, bu böyük kinorejissor özündən sonra zəngin bir irs qoyub getmişdir və onun filmləri əsasında sovet adamlarının neçə-neçə nəsli tərbiyə olunmuşdur.
Kinodramaturq, rejissor, bir sıra beynəlxalq mükafatların laureatı Rüstəm İbrahimbəyov gecədə çıxışında Əjdər İbrahimovun sənətini çox yüksək qiymətləndirərək vurğuladı ki, o öz dövrünün övladı, kamil və cəsarətli bir insan idi. O, yaxşı hərbçi, yaxud partiya işçisi də ola bilərdi, lakin rejissor olmaq istədi və həqiqətən də, gözəl kinorejissor oldu.
Gecədə Ə.İbrahimovun filmlərində çəkilmiş Rusiyanın bir sıra məşhur aktyorlari – S.Korneşko, O.Xabarov, Q.Taratorkin, İ.Miroşniçenko və başqaları da çıxış etdilər. Onlar bu böyük rejissorun qeyri-adi yaradıcılıq və insani keyfiyyətlərindən danışaraq bildirdilər ki, o, son dərəcə istedadlı, səmimi, demokratik, geniş dünyagörüşlü və maraqlı bir insan idi. Çixiş edənlər Əjdər İbrahimovun öz işinin vurğunu olduğunu, yaratdığı filmlərin hər bir kadrı uğrunda, sözün əsl mənasında, necə vuruşduğunu xatırladılar.
Belə bir cəhət də vurğulandı ki, Ə.İbrahimov geniş diapazonlu sənətkar idi: o tarixi-inqilabi epopeya, xalq dramı, sosial-siyasi və məişət səpkili filmlər çəkməyin mahir ustası idi. Rejissorun ona şan-şöhrət gətirmiş və əksəriyyətinin çoxsaylı beynəlxalq və ümumrusiya kinofestivallarının mükafatlarını almış filmləri dünya kinematoqrafiyasının inciləridir.
Gecədə Əjdər İbrahimovun populyar filmlərindən fraqmentlər də nümayiş etdirildi.
Ə.İbrahimova ən böyük abidə onun gözəl filmləridir, bu filmlər tamaşaçılar üçün həmişə müasir və maraqlı olacaqdır.