MƏDƏNİYYƏT
GUAM YAPONİYADA JATA WTF-2010 TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR
Kiyev, 28 sentyabr (AZƏRTAC). GUAM Katibliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, GUAM-Yaponiya birgə turizm məhsulunun müəllifləri sentyabrın 24-26-da Tokioda JATA WTF-2010 Ümumdünya turizm sərgisində iştirak etmişlər. Bu mötəbər sərgidə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın üzvü olan ölkələrin turizm potensialı nümayiş etdirilmiş, birgə turizm məhsulunun təqdimatı olmuş, Yaponiyanın əməkdaşlığa maraq göstərən turizm agentliklərinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilati dəstəyi ilə sentyabrın 26-da birgə turizm məhsulunun təqdimatına dair seminar keçirilmişdir. Tədbir çərçivəsində “Turkişh Airlines”in nümayəndəsi aviaşirkətin turistləri GUAM ölkələrinə çatdırmaq imkanlarını nümayiş etdirmiş və həmin tədbirdə iştirak edən turizm şirkətləri arasında lotereya (qurumun istənilən ölkəsinə pulsuz iki bilet) təşkil etmişdir.
Seminar iştirakçıları GUAM-Yaponiya turməhsulunu inkişaf etdirmək barədə diskussiya aparmışlar.
Diskussiyada Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn, Gürcüstanın Tokiodakı səfiri R.Çeşidze, Ukrayna səfirliyinin nümayəndələri, GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Temirov, JIKA Tokio Beynəlxalq Mərkəzinin Sənayenin inkişafı və maliyyə idarəsinin direktoru Kimura Xironori, Təkamül Turizmi İnstitutunun professoru T.Kobayaşi, Yaponiyanın 15 turizm agentliyinin təmsilçiləri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev