SİYASƏT
GUAM-a üzv dövlətlərin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin işçi görüşü olub
Kişineu, 2 oktyabr, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv dövlətlərin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin növbəti işçi görüşü keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, Gürcüstan XİN-in Konsulluq İdarəsinin rəisi Georgiy Tabatadze, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin konsulluq məsələləri üzrə Baş İdarə rəisi Serjiu Odaynik, Ukrayna XİN-in Konsulluq İdarəsinin rəisi Sergey Poqoreltsovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər. Məsləhətləşmələrdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsü Osmanov da iştirak edib.
Görüşdə çıxış edən Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Daniela Morar təşkilatın regiondakı rolunu və GUAM çərçivəsində konsulluq məsələləri üzrə davamlı çoxtərəfli danışıqların aparılmasının vacibliyini vurğulayıb.
Məsləhətləşmələr zamanı tərəflər konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə yeni texnologiyaların tətbiqi mövzularında müzakirələr aparıb, o cümlədən yeni sazişlərin imzalanması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçiriblər.
F.Bağırov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə danışıb, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan icazəsiz səfərlərin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün GUAM-ın üzv dövlətlərinin səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb.
Məsləhətləşmələrin sonunda tərəflər görüşün protokolunu təsdiq ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu