MƏDƏNİYYƏT
GUAM-ın Katibliyində turizm üzrə işçi qrupunun növbəti iclası olmuşdur
Kiyev, 13 sentyabr (AZƏRTAC). GUAM-ın Katibliyində AZƏRTAC-a bildirmişlər ki, təşkilatın Kiyevdəki mənzil-qərargahında GUAM-ın turizm üzrə işçi qrupunun (TURİQ) 11-ci iclası olmuşdur. İclasda GUAM-ın iştirakçıları olan dövlətlərin turizm administrasiyalarının və turizm şirkətlərinin, Yaponiyanın Ukraynadakı səfirliyinin və təşkilatın Katibliyinin nümayəndələri iştirak etmişlər.
İclas iştirakçıları Yaponiya turizm agentliklərinin əlaqədar nümayəndələri üçün informasiya turunun (18-29 iyul 2011-ci il) keçirilməsinin nəticələrini və Yaponiya KİV-lərinin əlaqədar nümayəndələri üçün mətbuat turu keçirilməsi ilə bağlı əsas məsələləri müzakirə etmişlər.
Tərəflər həmçinin “World travel fair–2011” sərgisində (Tokio, 29 sentyabr–2 oktyabr 2011-ci il) iştirak məsələlərini razılaşdırmış və turizm marketinqinə həsr edilmiş seminarda iştirak etməyin şərtləri haqqında Yaponiya nümayəndə heyətinin informasiyasını dinləmişlər. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunacaq seminar bu il noyabrın 13-dən dekabrın 1-dək Gündoğar Ölkədə keçiriləcəkdir.
İclasda TURİQ-in növbəti iclasının cari ilin 4-cü rübündə GUAM iştirakçıları olan dövlətlərdə turizmin inkişafına cavabdeh idarələrin rəhbərləri səviyyəsində keçirilməsi haqqında razılıq əldə edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev