DÜNYA
GÜCLÜ QAR ALMANİYADA NƏQLİYYAT XAOSU YARATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, soyuq qış Avropanın bir çox ölkələrində olduğu kimi, Almaniyaya da müəyyən problemlər gətirmişdir. Yanvarın 27-28-də aramsız yağan güclü qar Almaniyanın hava və küçə nəqliyyatında xaos yaratmışdır. Münhen, Stuttqart, Düsseldorf və Frankfurt hava limanlarında təyyarələrin uçuş və enmə zolaqlarını qalın qar və buz örtüyündən təmizləmək heç bir fayda vermədiyindən ölkədaxili və beynəlxalq uçuş reysləri gündən-günə kütləvi şəkildə təxirə salınmaqdadır. Təkcə yanvarın 29-da Avropanın ən nəhəng hava limanlarından biri olan Frankfurt təyyarə limanında 90-dan artıq uçuş dayandırılmış, Lütfhansa Mülki Aviasiya Şirkətinə milyonlarla avro ziyan dəymişdir.
Qalın qar və buz örtüklü şose yollarında nəqliyyat karvanlarının hərəkəti də iflic vəziyyətinə düşmüşdür. Polisin verdiyi məlumatlara görə, təkcə yanvarın 29-da Almaniyanın nəhəng şose yolları magistrallarında və qovşaqlarında 400-dən artıq ağır yol-nəqliyyat qəzası baş vermiş, yüz kilometrlərlə maşın karvanları tıxaca düşərək hərəkəti dayandırmışdır. Bəzi magistral yollarda nəqliyyat tıxaclarının uzunluğu 230-240 kilometri ötüb keçmişdir.
Meteoroloqların verdiyi proqnozlara görə, güclü qar yağması hələ bir müddət davam edəcəkdir.