İDMAN
GÜC STRUKTURLARI KOMANDALARININ ATICILIQ YARIŞLARI BAŞA ÇATMIŞDIR
Avqustun 23-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksində güc strukturları komandalarının atıcılıq üzrə şəxsi-komanda birinciliyinin bağlanış mərasimi olmuşdur.
Atıcılıq Federasiyasının prezidenti, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-leytenant Vaqif Axundov iştirakçıları yarışların başa çatması münasibətilə təbrik edərək bildirdi ki, bu dəfə yarışlar daha gərgin mübarizə şəraitində keçmişdir. Komandaların yaxşı hazırlıq nümayiş etdirməsi sevindirici haldır, çünki atıcılıq güc strukturları əməkdaşlarının döyüş hazırlığının bir hissəsidir. Eyni zamanda, bu idman növü gənclər arasında da geniş yayılır. Federasiyaya yüzlərlə gənc müraciət edərək, atıcılıqla məşğul olmaq arzusunda olduqlarını bildirmişlər. Son illər federasiyanın maddi-texniki bazası da gücləndirilmişdir.
Sonra dörd gün davam edən yarışların yekunları elan olundu. Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci komandası komanda hesabında birinci yeri tutaraq, birinciliyin keçici kubokuna layiq görüldü. İkinci yeri Daxili İşlər Nazirliyinin birinci komandası, üçüncü yeri isə həmin nazirliyin ikinci komandası tutmuşlar. 300 metrlik məsafədəki hədəfə snayper tüfəngindən atəş açmaqda Milli Təhlükəsizlik Nazirliyi komandasının üzvü A.Məcidov qalib gəlmişdir. Bu növ üzrə komanda yarışlarında da MTN-in nümayəndələri qələbə qazanmışlar. Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci komandasının üzvü V.Rəsulov 100 metrlik məsafədəki hədəfə avtomatdan atəş açmaqda birinci yeri tutmuşdur. Komanda yarışlarında da həmin kollektiv qalib gəlmişdir. Döyüş tapancasından 25 metrdəki hədəfə atəş açmaqda Müdafiə Nazirliyinin əməkdaşı X.Verdiyev, komanda yarışlarında isə Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci komandası fərqlənmişlər.
Qadınlar arasında həmin məsafəyə atəş açmaqda DİN-in birinci komandası və onun üzvü N.Əsgərova qalib gəldilər.
Azərbaycanın dövlət himni səsləndi. General Vaqif Axundov yarışları bağlı elan etdi.