RƏSMİ XRONİKA
GÜLHANƏ HƏRBİ TİBB AKADEMİYASININ BAŞ KATİBİ POLKOVNİK ƏKRƏM KAYNAK: AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ YAXŞIDIR, MÜAYİNƏ VƏ MÜALİCƏSİ UĞURLA DAVAM EDİR
***
BİNALİ YILDIRIM: GÜLHANƏ HƏKİMLƏRİ HÖRMƏTLİ PREZİDENT HEYDƏR ƏLİYEVİN SƏHHƏTİNİN ÇOX YAXŞI OLDUĞUNU VƏ TEZLİKLƏ KLINİKADAN ÇIXMAQ İSTƏDİYİNİ BİLDİRİRLƏR
Ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin nəqliyyat və rabitə naziri Binali Yıldırım avqustun 2-də Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş övladlarımızın əziz xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Nazir Azərbaycanın istiqlaliyyəti uğrunda həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini də ziyarət etmiş, xiyabanın Xatirə kitabına ürək sözlərini yazmışdır.
Cənab Binali Yıldırım daha sonra jurnalistlərin suallarına cavab verərək demişdir:
-Azərbaycana səfərim ərəfəsində hörmətli Prezident Heydər Əliyevin səhhəti ilə maraqlandım. Gülhanə Hərbi Tibb Akademiyasının həkimləri cənab Prezidentin səhhətinin çox yaxşı olduğunu, hətta tezliklə klinikadan çıxmaq istədiyini və müvafiq məsləhətləşmələrdən sonra onun bu istəyinə müsbət cavab verilə biləcəyini söylədilər.
- Bu məlumat Türkiyənin TRT, NTV, CNN-Türk, Haber-Türk telekanalları ilə də yayımlanmışdır. Azərbaycanın rabitə naziri Nadir Əhmədov və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz əklilqoyma mərasimində iştirak etmişlər.