İQTİSADİYYAT
“GÜNƏŞLİ” YATAĞINDA DƏNİZ PLATFORMASININ TİKİNTİSİ GƏLƏN İLİN ƏVVƏLLƏRİNDƏ BAŞA ÇATDIRILACAQDIR
Hazırda tikilməkdə olan platformada modullar və elektrik avadanlığı quraşdırılır. Platforma yeddi modul blokdan ibarətdir. Onlar Həştərxandan Azərbaycana yalnız 2001-ci ildə qaytarılmışdır. Bu modul blokları Rusiya tərəfi ARDNŞ ilə əmlak münasibətləri həll edilmədiyindən 10 il özündə saxlamışdır. Onların texniki vəziyyəti qənaətbəxş deyildir. Odur ki, ARDNŞ bu blokların təzələnməsinə yenidən vəsait qoymalı olmuşdur.
Təzələnmiş platformadan 8 qaz və 12 neft quyusu qazılacaqdır. Gözlənildiyinə görə, platformadan hər gün 2,3 milyon kubmetr qaz hasil ediləcəkdir. Neft hasilatının həcmi isə hələlik dəqiqləşdirilir.
Xatırladaq ki, bütün Azərbaycan neftinin 65 faizi və ya dəniz neftinin 83 faizi indi “Günəşli” yatağının dayaz hissəsindən çıxarılır. Hesablamalara görə, yatağın neft ehtiyatları 94-135 milyon tondur.