İQTİSADİYYAT
“GÜNƏŞLİ” YATAĞININ İMKANLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, şirkət Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə qaz hasilatının artırılmasına dair qarşıya qoyduğu vəzifələri əsas tutaraq, ötən il konkret tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin həyata keçirilməsi sayəsində müsbət nəticələr əldə olunmuşdur. 2007-ci ilin yanvarında gündəlik qaz hasilatının 37 faizədək artırılmasına nail olunmuşdur. Bu artım isə, əsasən, “Azneft” İstehsalat Birliyi üzrə qazın 60 faizindən çoxunun istehsal olunduğu “Günəşli” yatağında görülmüş işlərlə bağlıdır.
Yataqda qaz ehtiyatları 65 milyard kubmetrə yaxındır. İndiyədək isə bu yataqdan 41,5 milyard kubmetr qaz hasil edilmişdir. Hazırda burada 22 qaz quyusu istismar olunur ki, onların da orta gündəlik hasilatı 6 milyon 117 min kubmetr təşkil edir. Bundan başqa, yataq üzrə çıxarılan gündəlik neftlə birlikdə hasil edilən 4 milyon 403 min kubmetr səmt qazı da istehlakçılara təhvil verilir. Beləliklə gün ərzində yataqdan çıxarılan ümumi qazın həcmi 10 milyon 520 min kubmetr təşkil edir.
Əvvəlcə təsdiq olunmuş qaz proqramında burada 6 yeni qaz quyusunun qazılması nəzərdə tutulurdusa, yeni proqrama əsasən əlavə daha 17 quyu qazılacaqdır. Yeni proqramda nəzərdə tutulmuş həmin quyuların ümumi orta gündəlik hasilatı 5 milyon 650 min kubmetr təşkil edəcəkdir. Proqrama əsasən “Günəşli” yatağı üzrə hasil olunan yüksək və alçaq təzyiqli qazın yığım-nəql sisteminin yenidən qurulması gün ərzində atmosferə atılan 1,5 milyon kubmetr qazın Neft daşlarına nəqlinə imkan verəcəkdir.
Bununla yanaşı, proqramda qazın Neft daşlarından sahilə nəqlinin fasiləsiz və etibarlı təminatı üçün 2 saylı sıxıcı kompressor stansiyasının genişləndirilməsi və məhsuldarlığının sutkada 3,6 milyon kubmetr artırılması, həmçinin Neft daşlarından “Bahar” yatağınadək yüksək təzyiqli qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Bütün bu tədbirlərin icrası nəticəsində 2008-ci ildə “Günəşli” yatağında qaz hasilatının 6,9 milyard kubmetrə çatdırılması mümkün olacaqdır.