DÜNYA
GÜRCÜSTANDA İKİLİ VƏTƏNDAŞLIQ MƏSƏLƏSİ BUNU HƏM İQTİSADİ, HƏM DƏ SİYASİ PROBLEM SAYIRLAR
AZƏRTAC-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, Gürcüstanda ikili vətəndaşlıqla bağlı xeyli vaxtdır ki, müzakirələr gedir. Yerli ekspertlər hesab edirlər ki, bu məsələ dərindən öyrənilməli və bir sıra amillər nəzərə alınmalıdır. Çünki bu, siyasi deyil, iqtisadi və sosial problemlə bağlı məsələdir. Belə ki, Gürcüstanın bəzi vətəndaşları öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün xarici ölkələrə gedir, çox zaman onlar həm müvəqqəti yaşadığı ölkənin, həm də Gürcüstanın qanunlarını pozurlar. Belə faktların sayının son vaxtlar həddindən çox artması bəzi siyasətçiləri narahat etmişdir. Xatırladaq ki, on il əvvəl Gürcüstanda yaşayan 5,6 milyon əhalidən indi ölkədə 4,4 milyon nəfər qalmışdır.
Gürcüstan parlamentinin deputatı Hamlet Çipaşvilinin fikrincə, bu məsələnin tezliklə yoluna qoyulması həm ölkə vətəndaşlarının qanun pozuntusuna yol verməsinin qarşısını alar, həm də onların hüququ pozulmaz. Deputat bu istiqamətdə ictimai rəyin öyrənilməsini də vacib sayır.
Tanınmış hüquqşünas David Usupaşvili isə hesab edir ki, bu geniş planda dərindən öyrənilməli mühüm siyasi mövzudur, ona başdansovdu yanaşmaq olmaz.
ABŞ və Fransada müvəqqəti yaşayan gürcülər də ikili vətəndaşlıq məsələsini qaldırmışlar.