İQTİSADİYYAT
GÜRCÜSTANDA KEÇİRİLƏN MƏRASİM TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin bütün yüksək tirajlı və nüfuzlu qəzetlərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatdırılması və kəmərin Türkiyə hissəsinin xam neftlə doldurulmasına başlanması münasibətilə keçirilən təntənəli mərasim haqqında ətraflı xəbərlər və fotoşəkillər çap olunmuşdur. Qardaş ölkə jurnalistlərinin əsas marağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər arasında keçirilən səmimi görüşə yönəlmişdir. Qəzetlərdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri layihələrinin təşəbbüskarı və memarı, ümummilli liderimiz, türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevin adı və gələcək nəsillərə miras qoyduğu nəhəng layihələr xüsusilə vurğulanmış, ulu öndərin xatirəsinə dərin hörmət və ehtiram bildirilmişdir. Gürcüstanda keçirilən təntənəli mərasimdən süjetlər Türkiyənin bütün rəsmi və özəl televiza kanallarında nümayiş etdirilmişdir.