MƏDƏNİYYƏT
GÜRCÜSTANDA QASTROLDA OLAN İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ KOLLEKTİVİ ÖLKƏMİZİN GÜRCÜSTANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Tbilisi, 2 dekabr (AZƏRTAC). Gürcüstanda qastrol səfərində olan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi dekabrın 2-də Heydər Əliyev Fondunun dəstəyi ilə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində yaradılmış “Azərbaycanın dostları klubu” auditoriyasında Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ilə görüşmüşdür.
Səfir teatrın Gürcüstana son illər qastrol səfərlərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını, belə səfərlərin ölkənin azərbaycanlı əhalisi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir teatr kollektivini uğurlu çıxışa görə diplomla mükafatlandırmış, aktyorlara Borçalının ustad aşığı Əmrah Gülməmmədovun 100 illik yubileyinə həsr olunmuş kitab hədiyyə etmişdir.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev qastrolun təşkilində böyük fəallıq göstərmiş səfirliyin əməkdaşlarına və şəxsən səfirə təşəkkür etmiş, bu qastrolu İrəvan teatrının tarixində mühüm hadisə adlandırmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində baş tutmuş bu qastrolda Aqşin Babayevin ümummilli liderimizin xalqımız qarşısında əvəzsiz xidmətlərinə həsr olunmuş “Xilaskar” əsəri və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası göstərilmişdir. Biz qastrola Tbilisi şəhərində başladıq, Kvemo Kartli-Borçalı bölgəsində çıxış etdik və Şida (Daxili) Kartli bölgəsindəki azərbaycanlılar yaşayan kəndlərdə çıxışla yekun vurduq. Hər yerdə ulu öndərə xalq məhəbbətinin şahidi olduq.
Görüşdə mühacirətdə olan Süxumi Gürcüstan Dram Teatrının aktyorları da iştirak etmişlər. Teatrın rəhbəri, Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı Dmitri Caiani qastrol səfərinin uğurlu keçdiyini bildirmişdir. Teatra Gürcüstan Teatr Cəmiyyətinin Fəxri Fərmanı təqdim olunmuşdur. D.Caiani Qaxın Əlibəyli kəndindəki gürcü teatrının fəaliyyəti ilə maraqlanmışdır.
Səfir Namiq Əliyev məlumat vermişdir ki, teatr dövlət tərəfindən maliyyələşdirilir, ona bina ayrılmışdır və hər cür qayğı göstərilir. Gürcüstanda isə azərbaycanlılar yaşayan kəndlərin heç birində teatr yoxdur, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının binası yararsız vəziyyətdədir, onun bərpası üçün heç bir iş görülmür.
Dekabrın 2-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının kollektivi Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür. E.Şevardnadze Tbilisidə “Xilaskar” tamaşasına baxdığını və əsərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni, xalqı, bütün bölgə qarşısında əvəzsiz xidmətlərinin gözəl əks olunduğundan böyük məmnunluq duyduğunu, qaçqınlıq həyatı yaşayan İrəvan teatrının bu mövzuya müraciət etməsinin ürəyincə olduğunu bildirmişdir. Gürcüstanın sabiq prezidenti demişdir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz üçün böyük əhəmiyyət kəsb etmişdir.
İ.Piriyev səmimi sözlərə görə E.Şevardnadzeyə təşəkkürünü bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi