SİYASƏT
GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLI GƏNCLƏRİN I QURULTAYI KEÇİRİLİR
Marneuli, 15 may (AZƏRTAC). Mayın 15-də Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Evində Gürcüstanda yaşayan azərbaycanlı gənclərin I qurultayı işə başlamışdır.
Qurultayın əsas məqsədi azərbaycanlı gənclərin Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyası, onların ictimai həyatda rolunun artırılması və bəzi problemlərin həllini müzakirə etməkdir.
Təxminən 300-dək nümayəndənin iştirak etdiyi tədbirdə azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatında rolu, “Gürcüstan Azərbaycanlı Gənclər İttifaqı”nın təsis olunması və s. məsələlərə də baxılır.
Qurultayda Milli Məclisin deputatları Qənirə Paşayeva, Sabir Hacıyev, Rauf Əliyev, Azərbaycan Diasporla İş uzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin Gürcüstanın rəsmi dairələrinin təmsilçiləri də iştirak edirlər.
Milli Məclisin deputatları Gürcüstana səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, bu ölkədə yaşayan soydaşlarımızın problemləri ilə maraqlanacaq, onların Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələlərini müzakirə edəcəklər.