DÜNYA
GÜRCÜSTANIN DAXİLİ QOŞUNLARI MÜDAFİƏ NAZİRLİYİNİN TABELİYİNƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan hökuməti Daxili İşlər Nazirliyinin daxili qoşunlarının ölkənin Müdafiə Nazirliyinin qüvvələri ilə birləşdirilməsi barədə qərar qəbul etmişdir. Bu barədə birgə mətbuat konfransında Gürcüstan daxili işlər naziri İrakli Okruaşvili və müdafiə naziri Georgi Baramidze məlumat vermişlər. İrakli Okruaşvili demişdir: “Daxili qoşunlar əslində Gürcüstan Silahlı Qüvvələrinin adi bölmələrindən fərqlənmir, buna görə də onları ya silahsızlaşdırmaq, yaxud da Müdafiə Nazirliyinin tabeliyinə keçirmək lazım idi. Gürcüstanda baş vermiş hadisələrlə əlaqədar strukturları birləşdirmək və bütün hissələri hərbi qüvvələrin Baş Qərargahının tabeliyinə vermək qərara alınmışdır. Hazırda strukturların birləşdirilməsinin təfsilatı üzərində iş gedir. Zənnimcə, bu ən geci noyabrın 1-də həyata keçiriləcəkdir”. Nazir bildirmişdir ki, ictimai asayişin mühafizəsi üçün lazım olan daxili qoşunların əlahiddə xüsusi bölmələri Daxili İşlər Nazirliyinin tabeliyində qalacaqdır.
Müdafiə naziri Georgi Baramidze beynəlxalq və yerli ekspertlərin daxili qoşunların Müdafiə Nazirliyinin qüvvəsi ilə birləşdirilməsini çoxdan tövsiyə etdiklərini bildirmişdir.