DÜNYA
GÜRCÜSTANIN YENİ RƏHBƏRLİYİ SABİQ PREZİDENTİN TƏHLÜKƏSİZLİYİNİN QEYDİNƏ QALIR
Gürcüstanın yeni rəhbərliyi sabiq prezident Eduard Şevardnadzenin təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir. AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, bunu Gürcüstanın Dövlət naziri Zurab Jvaniya dekabrın 9-da jurnalistlərlə görüşündə bildirmişdir.
Bundan bir gün əvvəl o, Krtsanisi hökumət iqamətgahında E.Şevardnadze ilə görüşmüşdür. Sabiq prezident bu iqamətgahın ərazisində yaşayır.
Z.Jvaniya demişdir: “Biz buna alışmalıyıq ki, prezidentlər istefa verdikdən sonra onların normal həyat şəraiti olmalı və təqib edilməməlidirlər. E.Şevardnadzenin təcrübəsi və nüfuzu maraqlıdır və bunlardan istifadə olunmalıdır”. Dövlət nazirinin sözlərinə görə, Şevardnadze onu normal qarşılamış və onlar rahat söhbət etmişlər. Keçmiş dövlət başçısı bildirmışdir ki, “indi dünyanın müxtəlif ölkələrinə səpələnmiş arxiv materiallarını toplamaqla məşğuldur”.