DÜNYA
GÜRCÜSTAN AVİAŞİRKƏTLƏRİ RUSİYANI MƏHKƏMƏ İLƏ HƏDƏLƏMİŞDİR
AZƏRTAC “RosBiznesKonsaltinq” agentliyinə istinadla xəbər verir ki, Gürcüstan aviaşirkətlərinin nümayəndələri bildirmişlər ki, Rusiyaya uçuşlar yaxın vaxtlarda bərpa olunmasa, Rusiya Federal Aeronaviqasiya Xidmətindən konpensasiya tələb edəcəklər. Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadzenin şirkətlərin rəhbərləri ilə keçirdiyi müşavirədə aviadaşıyıcılar Rusiyaya 3 milyon dollar məbləğində borcları olduğunu qəti surətdə təkzib etmişlər. Uçuşlar guya məhz həmin borc üzündən dayandırılmışdır.
Gürcüstanda işləyən aviaşirkətlər bildirmişlər ki, Rusiya tərəfinə borcları yoxdur, mövcud borc isə ötən əsrin 1990-cı illərində müflisləşmiş müəssisələrə məxsusdur. Rusiyaya uçuşlara qadağa qoyulması üzündən dəymiş zərərin ödənilməsi ilə bağlı iddia ərizəsinin hazırlanması üçün vəkillər, o cümlədən avropalı vəkillər cəlb edilmişdir.
Gürcüstan Aeronaviqasiya Şirkətinin rəhbəri Qriqori Karbelaşvili jurnalistlərə xatırlatmışdır ki, onun ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağlamamışdır. Halbuki bunu “2 saat ərzində” edə bilərdi.
Xatırladaq ki, respublikada həbs edilmiş 4 rusiyalı zabit artıq buraxıldıqdan sonra, oktyabrın 2-də Rusiyanın Gürcüstanla nəqliyyat və poçt əlaqəsi kəsilmişdir.