İQTİSADİYYAT
GÜRCÜSTAN AZƏRBAYCANA OLAN ENERJİ BORCUNUYAZIN ƏVVƏLİNDƏ QAYTARMAĞA BAŞLAYACAQ
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gürcüstanın elektrik enerjisinə görə Azərbaycana olan köhnə borcunun üstünə bu ilin yanvarında Rusiyadan qonşu ölkəyə elektrik enerjisi verən xəttdə baş vermiş qəza ilə əlaqədar milli energetiklərimizin göstərdikləri köməyin hesabına yeni borclar da əlavə olunmuşdur. Xatırladaq ki, elektrik ötürücü xəttindəki partlayışdan dərhal sonra Gürcüstan tərəfinin etdiyi müraciətə cavab olaraq respublika rəhbərliyinin verdiyi göstərişə əsasən bu il yanvarın 22-dən 31-dək dost ölkəyə 4,138 milyon kilovat-saat enerji verilmişdir. Paralel rejimdə işləyən qonşu ölkənin energetikləri bu həcmin 1,181 milyon kilovat-saatını artıq qaytarmışlar. 2,957 milyon kilovat-saat həcmində qalan borc isə növbəti aylarda veriləcəkdir.
Gürcüstan tərəfi borclarını yazın əvvəlində, qonşu ölkənin su elektrik stansiyaları tam gücü ilə işləyəndə qaytarmağa başlayacaqdır.