ELM VƏ TƏHSİL
GÜRCÜSTAN ELMLƏR AKADEMİYASINA HANSI STATUS VERİLƏCƏK?
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son vaxtlar Gürcüstan Elmlər Akademiyasının səlahiyyəti və statusu barədə müxtəlif fikirlər söylənməkdədir. Hətta bəziləri onun ləğvini tələb edirlər ki, bu da gürcü alimlərinin narazılığına səbəb olmuşdur. Məsələyə aydınlıq gətirmək üçün Baş nazir Zurab Jvaniyanın göstərişi ilə akademiyanın səlahiyyət və statusunu müəyyənləşdirəcək təşəbbüs qrupu yaradılmışdır. Alimlərin və hökumət nümayəndələrinin daxil olduğu 30 nəfərdən ibarət təşəbbüs qrupu iki ay müddətində öz mövqeyini bildirməlidir.
Elmlər Akademiyasının tabeliyindəki onlarca elmi tədqiqat institutunun məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi ehtimal olunur. Akademiyanın vitse-prezidenti Quram Tevzadze bildirmişdir ki, elmi tədqiqat institutlarının yenidən qurulması Elmlər Akademiyasının dağılmasına səbəb olmazsa, qərar bizim üçün məqbuldur. O, Elmlər Akademiyasının Təhsil və Elm Nazirliyinin tabeliyinə keçiriləcəyini istisna etmir, ancaq qanunvericilikdə bunun dəqiq əks olunmasını arzulayır.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl Gürcüstan Maliyyə Nazirliyinin hazırladığı layihəyə əsasən, Elmlər Akademiyasının səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulurdu. Ancaq həmin layihə alimlərin narazılığına səbəb olduğundan müzakirə mövzusuna çevrilməmişdir.