SİYASƏT
GÜRCÜSTAN İCTİMAİYYƏTİ ÜRƏKDƏN SEVİNİR
AZƏRTAC-ın müxbiri Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya və Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze ilə görüşmüş və İlham Əliyevin təyinatı barədə onların fikrini öyrənmişdir.
GEORGİ ÇANTURİYA: Hörmətli İlham Heydər oğlu Əliyevin dost və qardaş ölkənin Baş naziri təyin edilməsi xəbəri məni çox sevindirdi. Çünki mən hələ Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olarkən bilikli, bacarıqlı bir diplomat kimi tanıdığım İlham Əliyevin “Əsrin müqaviləsi” üzərində gərgin və səmərəli çalışdığının şahidiyəm.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Azərbaycan Prezidenti cənab Heydər Əliyevin adı ilə bağlı olsa da, əminəm ki, onun reallaşmasında İlham Əliyevin də əməyi az olmamışdır. Bu, Bakı-Supsa neft kəmərindən sonra Gürcüstan ərazisindən keçəcək ən böyük neft kəməridir. Lakin Böyük İpək Yolu dəhlizində iş öz davamını Bakı-Tbilisi-Ərzurum qaz kəmərində tapacaqdır.
Yaxşı bilirsiniz ki, gürcü xalqı özünün böyük dostu Heydər Əliyevə olduğu kimi, İlham Əliyevə də böyük hörmət bəsləyir, onun hər bir uğurlu addımına ürəkdən sevinir. İnanıram ki, İlham Əliyev Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluğun möhkəm təməli üzərində yeni-yeni “mərtəbələr” ucaldacaq, xalqlarımızın rifahı naminə əlindən gələni əsirgəməyəcəkdir. Şadam ki, Azərbaycan düzgün seçim etmişdir. Bu, həm də xalqın müdrikliyindən xəbər verir. İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə bütün kollektivimiz adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və yeni vəzifədə ona uğurlar diləyirəm.
LEVAN MAMALADZE: Azərbaycan hökumətinə rəhbərlik etməyin İlham Əliyevə etibar olunması, zənnimcə, qardaş ölkədə dövlət quruculuğu, daxili və xarici siyasətdə son on ildə qazanılmış təcrübənin gələcək uğurlarından xəbər verir. İlham Əliyev son on ildə böyük siyasət sınaqlarından çıxmış, beynəlxalq münasibətlərdə təcrübə toplamışdır, müdrik Heydər Əliyev məktəbinin layiqli yetirməsi və varisidir. Mən bölgəmizin azərbaycanlı əhalisinin İlham Əliyevə hörmət və məhəbbətindən, Azərbaycan ictimaiyyətinin ona etimadına sevinməsindən məmnunluq hissi keçirirəm. Bu hissin təsiri altında da İlham Əliyevə uğurlar arzulayıram.