İQTİSADİYYAT


GÜRCÜSTAN MƏDƏN SƏNAYESİNİN ŞƏFFAFLIĞI TƏŞƏBBÜSÜNƏ QOŞULUR

Gürcüstan rəhbəri Eduard Şevardnadze Prezidentin yanında Şərq-Qərb enerji dəhlizinin inkişafına yardım üzrə hökumət komissiyasının növbəti iclasında bəyan etmişdir: Gürcüstan əhalisi möhkəm əmin olmalıdır ki, Şərq-Qərb enerji dəhlizinin fəaliyyətə başlaması ölkəmizin xeyrinədir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin Gürcüstandakı baş meneceri Ed Conson bu əsas ixrac boru kəməri tikintisinin gedişi barədə komissiyanın üzvlərini məlumatlandırdı. O, boru kəməri tikintisinin artıq Tabaskuri rayonuna gəlib çıxdığını bildirdi və onun Tabaskuridən Zalqa rayonunadək davam etdirilməsi üçün zəmin hazırlandığı faktını böyük nailiyyət adlandırdı. 2,5 kilometr uzunluğunda boru kəməri artıq qaynaq edilmişdir. Şirkətin baş meneceri vurğuladı ki, yerli əhali ilə bağlı bütün problemlər həll olunmuşdur. Məsələ burasındadır ki, tikinti bölgəsi sakinlərinin əhval-ruhiyyəsi müvəffəqiyyətin başlıca rəhnidir. Onun sözlərinə görə, inşaatçılar ekoloji baxımdan xüsusilə əhəmiyyətli yerlərin biomüxtəlifliyinin təhlükəsizliyinin mühafizəsinə böyük diqqət yetirirlər. Odur ki, bu işlər aramsız olaraq aparılacaqdır.

Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturiya çıxışında bir neçə məsələyə, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi prosesinə, neft və qaz kəmərləri layihələrinin həyata keçirilməsinə monitorinq sisteminin formalaşdırılmasının zəruriliyinə diqqət yetirdi. O, “mədən sənayesində şəffaflıq” haqqında “Böyük yeddilik” ölkələrinin və Böyük Britaniyanın Baş naziri Toni Bleyerin təşəbbüsü, habelə bu təşəbbüsə qoşulmaq üçün Gürcüstan Prezidentinin işçi qrupu yaradıldığı barədə məlumat verdi.

Xatırladaq ki, mədən sənayesi sahələrinin şəffaflığı barədə ideyanın regionda ilk təşəbbüsçüsü Azərbaycan olmuşdur. İlham Əliyev iyunda Londonda həmin məsələyə dair beynəlxalq konfransda çıxış edərək, bildirmişdi ki, Bakı bu ideyanın gerçəkləşdirilməsində regional mərkəz olmağa hazırdır.

Sonra G.Çanturiya dedi ki, Gürcüstan şirkətləri avqustun 15-dək 5 milyon 460 min laridən artıq məbləğdə tikinti işləri görmüşlər, neft kəmərinin inşasında ölkənin 1960 vətəndaşı çalışır, kəmərin keçdiyi rayonlarda yerli sahibkarlardan 923 min larilik tikinti materialları alınmışdır. Gürcüstan şirkətlərindən alınmış tikinti materiallarının dəyəri 1 milyon 113 min laridən artıqdır. Yerli əhalidən 347 min larilik ərzaq alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.