DÜNYA
GÜRCÜSTAN, MOLDOVA VƏ TACİKİSTAN BMT BAŞ MƏCLİSİNDƏ SƏS HÜQUQUNDAN MƏHRUM EDİLƏ BİLƏR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Gürcüstan, Moldova və Tacikistan BMT Baş Məclisində səs hüququndan məhrum edilə bilər. Onlar BMT-nin maliyyələşdirilməsinə dair öz öhdəliklərini yerinə yetirməyən 13 dövlət sırasına daxildir.
Siyahıya Mərkəzi Afrika Respublikası, Çad, Komor Adaları, Qvineya-Bisau, İraq, Liberiya, Malavi, Niger, San-Tome və Prinsipi, habelə Somali də düşmüşlər.
BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, pul haqqının ödənilməsində borcu qalan üzv dövlətin borcunun məbləği əvvəlki tam iki il üçün haqqın məbləğinə bərabər və ya ondan artıq olarsa, bu dövlət Baş Məclisdə səs hüququndan məhrum edilir. Lakin borcun ödənilməsi müddətinin gecikməsi həmin dövlətdən asılı olmayan hallar üzündən baş verərsə, Baş Məclis onun səsvermədə iştirakına icazə verə bilər.