DÜNYA
GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ VƏ ACARISTAN BAŞÇISI BÖHRAN VƏZİYYƏTİNDƏN ÇIXIŞ YOLUNU MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, martın 16-da axşam Gürcüstan parlamentinin sədri Nino Burcanadze və Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze arasında telefon danışığı olmuşdur.
Burcanadze jurnalistlərə bildirmişdir ki, söhbət zamanı Tbilisi ilə Batumi arasında münasibətlərdə yaranmış böhran vəziyyətindən çıxışla bağlı məsələlər müzakirə edilmişdir.
Parlamentin sədri demişdir: “Vəziyyətdən çıxış yolunu tapmaq olar. Başlıcası, bunu tez və ağrısız-acısız etmək lazımdır. Aslan Abaşidze Gürcüstanın mərkəzi hakimiyyəti ilə dialoq aparmağa hazır olduğunu bildirmişdir”.
Gürcüstanın bir sıra teleşirkətləri və KİV-ləri isə ölkə rəhbərliyindəki mənbələrə istinadla xəbər vermişdir ki, ola bilsin, martın 17-də Prezident Mixail Saakaşvili Batumiyə gedərək, Aslan Abaşidze ilə görüşəcəkdir. Rəsmi şəxslər bu xəbəri hələlik şərh etməmişlər.