SİYASƏT
GÜRCÜSTAN PREZİDENTİ ACARISTAN MUXTAR RESPUBLİKASININ BAŞÇISINA 10 GÜN VAXT VERMİŞDİR
Hadisə barədə məlumat alan kimi, Gürcüstan Prezidenti Mixail Saakaşvili və digər rəsmi şəxslər Potidən Tbilisiyə qayıtmışlar. Mayın 2-i axşam Gürcüstan Milli Təhlükəsizlik Şurasının yığıncağı keçirilmiş və Aslan Abaşidzeyə Gürcüstan Konstitusiyası tələblərinin Acarıstanda tətbiqinə şərait yaratması üçün 10 gün vaxt verilmişdir. Gürcüstan Prezidenti Mixail Saakaşvili Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirmişdir ki, “Məxməri inqilab”dan sonra ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu düşmənlərimizi, görünür, çox narahat edir və onlar qeyri-sabitlik yaratmaq məqsədilə A.Abaşidze kimilərindən istifadə etməyə çalışırlar. Əgər Acarıstan muxtariyyatının başçısı 10 gün ərzində bölgəni Gürcüstanın qanunvericilik məkanına qaytarmasa, prezident muxtariyyatın yerli icra orqanlarını buraxmaq və burada yeni seçkilər keçirmək hüququnu özündə saxlayır.