RƏSMİ XRONİKA
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə ölkəmizdə ikigünlük işgüzar səfərdə olan və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak edən Gürcüstan Prezidenti Eduard Şevardnadze sentyabrın 18-də axşam vətənə yola düşmüşdür.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Binə beynəlxalq hava limanının uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər Eduard Şevardnadze və Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Gürcüstan rəhbəri Azərbaycanın rəsmi dövlət və hökumət nümayəndələri ilə, Azərbaycan Prezidenti isə Gürcüstanın rəsmi şəxsləri ilə sağollaşdılar.
Azərbaycan Prezidenti Heydər Əliyev təyyarənin pilləkəni yanında Gürcüstan Prezidenti Eduard Şevardnadzeni böyük səmimiyyətlə yola saldı. Milli geyimli qız və oğlan dost və qonşu ölkənin Prezidentinə gül dəstəsi təqdim etdilər.
X X X
Baş nazirin müavini Abid Şərifov, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, digər rəsmi şəxslər yolasalanlar arasında idilər.
Foto Yaşar Xəlilovundur