GÜRCÜSTAN PREZİDENTİ M.SAAKAŞVİLİ VƏZİFƏSİNİN İCRASINA BAŞLADI
AzerTAg.az
Gürcüstanın yeni seçilmiş Prezidenti Mixail Saakaşvilinin andiçmə mərasimi Rustaveli prospektində, parlament binasının qarşısında başa çatmışdır.
Minlərlə adamın, 20 ölkədən çoxsaylı qonaqların, 100-dən artıq jurnalistin iştirak etdiyi mərasimdə prezident and içmiş, toplaşanları özünün fəaliyyət proqramı ilə tanış etmişdir. Xarici siyasətdə Avroatlantika birliyinə inteqrasiya, ABŞ-la hər sahədə əməkdaşlıq, Rusiya ilə sıx, mehriban münasibətlər, daxili siyasətdə iqtisadiyyatın bərpası, korrupsiyaya qarşı mübarizə, ölkənin ərazi bütövlüyünün təmin olunması, təhsilin, tibb xidmətinin yüksəldilməsi, sosial sahədəki böhranın aradan qaldırılması və s. proqramda üstünlük təşkil edir.
Andiçmə mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə deputatlar İsmayıl Ömərov, Zəlimxan Yaqub, Mübariz Qurbanlı, İlqar Qılıcovdan ibarət nümayəndə heyəti iştirak etmişdir. Murtuz Ələsgərov Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşmüş və söhbət zamanı Azərbaycan və Gürcüstan dövlətləri arasında mehriban qonşuluq, əməkdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin yoluna qoyulması və s. məsələlərə toxunulmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var