SİYASƏT
GÜRCÜSTAN RƏHBƏRLİYİ BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÜZRƏ BÜTÜN ŞƏRTLƏRİ YERİNƏ YETİRƏCƏK
Gürcüstanda hakimiyyətin dəyişməsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə təsir göstərməyəcəkdir. AZƏRTAC-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, bunu “bp–Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord Gürcüstan Prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze ilə görüşündən sonra bildirmişdir.
D.Vudvord demişdir ki, görüşdə neft kəmərinin tikintisi layihəsinin həyata keçirilməsinin gedişi müzakirə edilmişdir. Hazırda Gürcüstan ərazisində aparılan tikinti işlərinin 35 faizi yerinə yetirilmişdir. O, xatırlatmışdır ki, bu boru kəməri ilə ilk neft artıq gələn ilin axırlarına yaxın nəql edilməyə başlayacaqdır.
Şirkətin prezidentinin sözlərinə görə, Nino Burcanadze və Gürcüstanın yeni hökumətinin nümayəndələri Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair müqavilədə nəzərdə tutulan bütün şərtlərin yerinə yetiriləcəyinə söz vermişlər.
D.Vudvord bu neft kəməri marşrutunun dəyişdirilməsinin mümkünlüyü barədə söz-söhbətləri qəti şəkildə təkzib etmişdir.