GÜRCÜSTAN TƏHSİL VƏ ELM NAZİRLİYİ QEYRİ-GÜRCÜ MƏKTƏBLƏRİ ÜÇÜN DƏRSLİKLƏR HAZIRLAYIR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi ölkənin qeyri-gürcü məktəbləri üçün dərsliklər hazırlayır.
Nazirliyin milli tədris planları və qiymətləndirmə mərkəzinin rəhbəri Simon Canaşiya qeyri-gürcü məktəblərinin I, VII və X sinifləri üçün dərsliklərin bu il, II, VIII və XI siniflər üçün isə gələn il hazır olacağını bildirmişdir. III və IX siniflər üçün dərsliklər növbəti il hazırlanacaqdır. Məktəb islahatına müvafiq olaraq bütün fənlər üzrə yeni tədris planı tətbiq ediləcəkdir.
Canaşiya demişdir ki, bu, milli dillərdə tədrisin ləğv olunması demək deyildir. Təhsil haqqında qanuna görə, 2009-cu ildən Gürcüstan tarixi və coğrafiyası qeyri-gürcü məktəblərində gürcü dilində tədris edilməlidir.
O demişdir: “Əlbəttə, hər bir uşaq öz mədəniyyətini, ana dilini və dinini bilməlidir. Lakin başlıcası odur ki, gərək uşaq gürcü dilini mükəmməl bilsin, gürcü cəmiyyətində öz yerini tutmaq, hər hansı vəzifədə işləmək imkanı qazansın və ali məktəblərdə təhsilini davam etdirə bilsin”.
Xəbərin mətnində orfoqrafik səhv var