RƏSMİ XRONİKA
GÜRCÜSTAN VƏ AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLAR OLARAQ, REGİONDA MÜHÜM ROL OYNAYIRLAR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ACARISTAN MUXTAR RESPUBLİKASININ BAŞÇISINI QƏBUL ETMİŞDİR
Prezident İLHAM ƏLİYEV qonağı səmimiyyətlə qarşılayaraq dedi:
-Hörmətli Aslan İbraimoviç, Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz.
Mənə dedilər ki, bu gün səhər Sizin şəhəri görmək imkanınız oldu. Təəssüf ki, Siz çox qısa müddətə gəlmisiniz. Buna baxmayaraq, düşünürəm ki, tanışlıq artıq baş tutmuşdur.
Gürcüstanla Azərbaycan arasında münasibətlər həmişə və hər zaman dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı yardım xarakteri ilə fərqlənibdir. Xalqlarımızın tarixinin bütün mərhələlərində belə olubdur. Çox sevindirici haldır ki, ölkələrimiz müstəqilliyə qovuşduqdan sonra bu münasibətlər bütün sahələrdə - iqtisadiyyatda da, siyasi müstəvidə də, mədəniyyətdə də möhkəmlənir və inkişaf edir. Bu, çox qiymətlidir və xalqlarımızın böyük qələbəsidir. Çətinliklərə, müstəqil dövlətlərimizin təşəkkül tapması tarixinin bəzən ağır mərhələlərinə baxmayaraq, biz müstəqilliyi qoruyub saxladıq, bir-birimizə kömək etdik. Əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir.
İndi Gürcüstanla Azərbaycan regional məsələlərdə və dünya məsələlərində çox mühüm rol oynayan strateji tərəfdaşlardır. Ölkələrimizin birlikdə həyata keçirdikləri iqtisadi layihələr, energetika layihələri həm dövlətlərimizin gələcək iqtisadi firavanlığı üçün, həm də beynəlxalq qurumlara daha dərindən inteqrasiya üçün böyük əhəmiyyətə malikdir. Sizə həmçinin məlumdur ki, Azərbaycanı Acarıstanla xoş münasibətlər, qardaşlıq münasibətləri bağlayır. Bizim mənəvi, mədəni səpkidə ümumi cəhətlərimiz çoxdur, keçmişdə olduğu kimi, bu gün də geniş əlaqələrimiz var. Biz respublikanızın iqtisadi, sosial sahələrdə əldə etdiyi uğurları çox diqqətlə izləyir və buna olduqca sevinirik.
Biz bütün sahələrdə münasibətlərimizi inkişaf etdirməyi çox istərdik və əlbəttə, keçmişdə bir çox ümumi cəhətlərimiz olduğuna görə, bu potensialdan gələcək üçün də çox fəal surətdə faydalana bilərdik. Ölkələrimizdə müsbət demokratik proseslər baş verir. Əlbəttə, dövlətçiliyin inkişafının indiki mərhələsində sabitlik müvəffəqiyyətin başlıca amillərindən biridir. Sabitlik olan ölkələrdə iqtisadi inkişaf da olur. Ona görə də çox istərdik ki, regionumuzda sülh və sabitlik bərqərar edilsin, xalqlarımızın dinc və sakit şəraitdə inkişaf etmək, iqtisadi potensialı möhkəmlətmək və öz rifahını yüksəltmək imkanı olsun.
Mən Sizi bir daha salamlayıram və ümidvaram ki, ölkəmizə bu qısamüddətli səfəriniz yadınızda qalacaq və yaradılmaqda olan əlaqələr gələcəkdə də davam etdiriləcəkdir.
Acarıstan başçısı ASLAN ABAŞİDZE səmimi qəbula görə təşəkkür edərək dedi:
-İlk növbədə, Sizi belə yüksək vəzifəyə - Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan xalqını da təbrik edirəm. Mənim səfərimlə bir vaxta düşən Konstitusiya günü münasibətilə də təbrik etmək istəyirəm. Biz seçkilər zamanı Sizin təəssübünüzü çəkirdik və ümidlərimiz tamamilə doğruldu.
Əcdadlarımız qarşılıqlı münasibətlərin çox möhkəm əsasını, təməlini qoymuşlar. Odur ki, biz yeni üstqurum yaratmalı, bu münasibətləri mədəniyyət sahəsində də, iqtisadiyyat sahəsində də möhkəmlətməli və gücləndirməliyik. Mənim səfərim qısa, birgünlükdür. Görüşümüz əsnasında biz çox maraqlı və hərtərəfli məsələlərə toxunacağıq.
Babam bolşeviklərin hakimiyyəti dövründə repressiya edilmiş, 1937-ci ildə güllələnmişdir. Lakin bundan əvvəl Bakıda sürgündə olmuşdur. İndi mən buraya məmnuniyyətlə sürgünə gəlib, sizinlə birlikdə yaşayardım. Mehribancasına qəbula görə sağ olun. Mən Bakıya üçüncü dəfə gəlirəm, çox istərdim ki, köhnə və təzə şəhərə, yeni tikililərə baxım. Şadam ki, şəhər yaxşılığa doğru dəyişir. Marşrutum hava limanından iqamətgahdək oldu, lakin bu dəyişikliklər yolun hətta o qısa hissəsində də görünür.
Qəbula görə bir daha təşəkkür edirəm, bizə mehribanlıq göstərən bütün adamlara da təşəkkür etmək istəyirəm. Bizim xüsusi münasibətlərimiz var, burada qohumlarımız yaşayırlar. Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə gəldikdə isə, onlar tarixi qarşılıqlı əlaqələrdir. Buraya gəlməyimə və Sizi görməyimə görə xoşbəxtəm.
İLHAM ƏLİYEV: Xoş sözlərə görə sağ olun. Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir, abadlaşdırma və tikinti sahəsində də çox işlər görülür. Çox sevindirici haldır ki, özəl sektor dinamik inkişaf edir və ticarət sərbəstləşdirilmişdir. Özəlləşdirmə proqramı fəal surətdə həyata keçirilir, mülkiyyətçilərin kifayət qədər sabit sinfi yaranır. Diqqətəlayiq haldır ki, neftin iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi və dövlətin mülkiyyətində olmasına baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında 70 faiz özəl sektorun payına düşür. Bizdə torpaq özəlləşdirilib, kənd təsərrüfatı məhsulları istehsalı bir neçə dəfə artıbdır. Yəni, ölkədə dinamik və çox fəal inkişaf gedir.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olması bizə iqtisadi cəhətdən də kömək edir. İndi Azərbaycanın on milyardlarla dollar məbləğində qiymətləndirilən bütün energetika layihələri Gürcüstandan keçən nəqliyyat dəhlizi ilə bağlıdır. Əlbəttə, bundan Gürcüstan da iqtisadi fayda götürür, gələcəkdə, həmin nəqliyyat strukturları tam gücü ilə işə düşdükdən sonra isə bu səmərə Gürcüstanın dövlət büdcəsi üçün də nəzərəçarpacaq dərcəcədə olacaqdır. Bu, çoxsahəli iqtisadiyyatın hərtərəfli inkişafında bizim üçün zəmindir və gələcək bir çox illər üçün də zəmin olacaqdır. Ona görə də çox xoşdur ki, iqtisadi əlaqələr inkişaf edir və çox möhkəm təmələ əsaslanır.
Sizə deyim ki, əsrlər boyu yan-yana yaşayan qonşular arasında belə yaxın münasibətlər heç də həmişə olmur, bəlkə də çox nadir hallarda olur. Xalqlarımızın tarixində heç vaxt heç bir anlaşılmazlıq, münaqişə olmayıbdır. Yəqin ki, bu, nadir haldır. Adətən, yan-yana yaşayanlar arasında bəzən münaqişələr baş verir. Bizim münasibətlərimiz isə möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Çox şadıq ki, bu əlaqələr möhkəmlənir, biz onları bütün istiqamətlərdə və müstəvilərdə bundan sonra da inkişaf etdirəcəyik.
Həyata keçirmək istədiyimiz birgə planlarımız çoxdur. Aslan İbraimoviç, əlbəttə, Sizin də köməyinizə ümid bəsləyəcəyik. Mən Sizi görkəmli siyasətçi, dövlət xadimi, öz respublikasında çox möhkəm iqtisadi təməl yaradan insan kimi tanıyıram. Bilirəm ki, respublikanızda sosial məsələlər həll edilir və sabitlik hökm sürür.
Bir daha demək istəyirəm ki, Sizin gəlişinizə çox şadam. Əlbəttə, indi Azərbaycan 30-cu illərdəki ölkə deyildir. Deyə bilərəm ki, buraya minlərlə əcnəbi vətəndaş gəlir. Bu da bir daha göstərir ki, ölkə inkişafdadır, Azərbaycanda yaşayan bütün millətlər özlərini öz evlərindəki kimi hiss edirlər. Mövcud milli həmrəylik, razılıq bundan sonra da davam etdiriləcəkdir.