DÜNYA
“Gazprom” Çinə təbii qaz nəqlini artırmağı nəzərdə tutur
Bakı, 4 dekabr, AZƏRTAC
“Gazprom” Çinə təbii qaz nəqli artırmağı hədəfləyir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədrinin müavini Aleksandr Medvedev deyib. O bildirib ki, “Gazprom”un Çinə təbii qaz nəqlinin artırılması üçün danışıqlar aparılır. “Şərq marşrutu” adlandırılan kəmər 2019-cu ilin sonundan etibarən ildə 38 milyard kubmetr təbii qazın 30 illik müddətə Çinin şərq bölgələrinə tədarükünü nəzərdə tutur. “Qərb marşrutu” ilə isə Çinə ildə 30 milyard kubmetr qazın göndərilməsi hədəflənir.
Qeyd edək ki, “Sibirin gücü” təbii qaz boru kəmərinin (“Power of Siberia”) inşasının 95,5 faizi yekunlaşıb. “Sibirin gücü” ümumilikdə 20 milyard dollara başa gələcək. Layihə üzrə Yakutskda 120-dən çox qaz quyusu tamamlanıb. Boru kəməri Rusiyanın Sibirdəki Yakutsk və İrkutsk qaz istehsalı sahələrində hasil edilən qazı Şərqi Asiyaya və Çinə nəql edəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 61 milyard kubmetr təşkil edəcək və kəmərin uzunluğu 3 min 968 kilometr olacaq.
2014-cü il mayın 21-də “Gazprom” ilə Çinin Milli Neft Şirkəti (CNPC) növbəti 30 ildə şərq marşrutu boyunca Çinə qaz tədarükü haqqında müqavilə imzalayıb. “Sibirin gücü” boru kəməri istifadəyə verildikdən sonra ildə 38 milyard kubmetr Rusiya qazı Çinə nəql olunacaq. Çinə ilk qaz ixracı 2019-cu ildə planlaşdırılır.