DÜNYA
“Gazprom”: Təbii qaz layihələri Avropa üçün həyati əhəmiyyətə malikdir
Bakı, 3 oktyabr, AZƏRTAC
Təbii qaz layihələri Avropa üçün həyati əhəmiyyətə malikdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri “Gazprom”un idarə heyətinin sədrinin müavini Aleksandr Medvedev deyib.
A.Medvedev bildirib ki, “Gazprom” bu il də Avropaya təbii qaz ixracında rekorda imza atacaq. Bu həcm 204,5 milyard kubmetr olacaq: “Avropada təbii qaz tələbatı artmaqdadır. Buna görə də “Türk axını” (“TurkStream”) və “Şimal axını 2” (“Nord Stream 2”) kimi təbii qaz boru kəməri layihələri Avropa üçün həyati əhəmiyyətə malikdir”.
“Avropanın təbii qaz tələbatı 2025-ci ilədək 60 milyard kubmetr, 2030-cu ilə qədər isə 80 milyard kubmetr artacaq. Lakin bəzi rəsmilər hesab edir ki, bu proqnozlar aşağı səviyyədədir. Təxminlərə görə, qitənin təbii qaz tələbatı illik 100 milyard kubmetr arta bilər”.
Qeyd edək ki, “Gazprom” ötən il Avropaya 194,4 milyard kubmetr təbii qaz ixrac edib. Bu həcmin təxminən 30 faizi isə Ukrayna üzərindən göndərilib.