DÜNYA
“Gazprom”un xarici aktivlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Rusiyanın “Gazprom” şirkətinin xarici aktivlərinə tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, Ukraynanın “Naftogaz” şirkəti ilə razılığa gəlindikdən sonra “Gazprom”un xarici aktivlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Qeyd edək ki, “Naftogaz”ın müraciəti əsasında “Gazprom” şirkətinin bəzi xarici aktivlərinə məhdudiyyət tətbiq olunmuşdu.
Ötən ilin dekabrında “Gazprom” Stokholm arbitraj məhkəməsinin qərarına əsasən, “Naftogaz” şirkətinə 2,9 milyard dollarlıq borcunu ödəyib. Bunun 2,56 milyard dolları əsas borc, qalanı isə faizlərdir.
Ukrayna ilə Rusiya Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanmasına dair saziş imzalayıb. Razılaşmaya əsasən, 2020-ci ildə Ukrayna ərazisindən 65 milyard kubmetr, 2021-2024-cü illərdə isə illik 40 milyard kubmetr təbii qaz tranzit olunacaq.