REGİONLAR
Gecə saatlarında elektrik verilişi xətlərinin Göyçay rayonu ərazisindən keçən hissəsində yanğın baş verib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də gecə saatlarında enerji sisteminin təhlükəsiz fəaliyyəti üçün mühüm rola malik olan 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yenidən yanğın baş verib.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.
Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub. Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerji sisteminin normal iş fəaliyyətində ciddi problem yaradıb. O cümlədən iyulun 12-də 15:30 radələrində Mingəçevir şəhərindən 151 kilometr məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 kilometr məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb. “Azərenerji” ASC-nin personalının operativliyi sayəsində elektrik enerjisi təminatında problemin yaranmasına imkan verilməyib.
Səhmdar Cəmiyyət əhalidən diqqətli davranmağı və bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerji sisteminin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etməyi xahiş edir.