REGİONLAR
Gecə və səhər saatlarında Ağsu dolayları sürücülər üçün təhlükəli olaraq qalır
Ağsu, 17 mart, AZƏRTAC
Bir necə gündür ki, yağan qar Ağsu dolaylarında sürücülər üçün xeyli çətinliklər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə də dolaylara güclü qar yağıb və qarın hündürlüyü 5 santimetrdən də çox olub. Səhər saat 12-dək yolların buz bağlaması 15 kilometrlik dolaylarda avtomobillərin hərəkətində ciddi problemlər yaradıb. Nasaz və uyğun şini olmayan nəqliyyat vasitələrinin hərəkəti olduqca təhlükəlidir. Dolaylardakı duman da sürücülər üçün əlavə problemlər yaradır.
Dolayların təmizlənməsi ilə məşğul olan 4 saylı “Magistral yolların istismarı” MMC-dən bildiriblər ki, gecə saatlarında və sübh çağı yollar buz bağladığına, xüsusilə sürüşkən olduğuna görə, həmin vaxtlarda sürücülərə dolaylardan istifadə etməmək məsləhət görülür.