CƏMİYYƏT
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub
Bakı, 4 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılır, işçi hüquqlarının pozulması, o cümlədən əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkar olunduqda belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərə əsasən, görülən tədbirlər nəticəsində cari ilin yanvar-iyul aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 min 473 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 67 716 manatı (92,2 faiz) gecikdirilmiş əməkhaqlarından, 3 701 manatı (5 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi zərərə görə ödənclərdən ibarət olub. Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onların yenidən əvvəlki işlərinə bərpa edilmələri də təmin olunub.
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər arasında əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsinə dair norma və standartlar barədə məlumatlandırma işlərini də davam etdirib. Eyni zamanda, yanvar-iyul aylarında Xidmətin xətti ilə ölkənin müxtəlif orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsasları və s. barədə uşaqlara ətraflı məlumatlar verilib.