REGİONLAR
Gədəbəy rayonunda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib
Gədəbəy, 5 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 663 nəfərdən 222-si ali məktəblərə qəbul olunub. Məzunlardan 31-i 500-600 bal arası, 10-u isə 600 baldan yuxarı nəticə göstərib.
Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Təhsil şöbəsinin müdiri və əməkdaşları, məzunlar, məktəb direktorları və valideynlər iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Sonra çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Tədbirdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.