CƏMİYYƏT
Gədəbəy rayonunda keçmiş arvadını bıçaqlayaraq qətlə yetirməyə cəhd edən şəxs tutulub
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Gədəbəy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.