REGİONLAR
Gədəbəydə əhalinin pulsuz kütləvi tibbi müayinəsinə başlanılıb
Gədəbəy, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə ərazisində olduğu kimi, fevralın 12-dən Gədəbəydə də əhalinin pulsuz kütləvi tibbi müayinəsinə başlanılıb.
Gədəbəy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müayinələrin yüksək səviyyədə təşkili üçün xüsusi komissiya yaradılıb. Aksiyanın keçiriləcəyi rayon mərkəzi xəstəxanası lazımi avadanlıqlarla tam təchiz olunub.
Müayinənin ilk həftəsində 5018 nəfər tibbi baxışdan keçib. 1172 nəfər ambulator, 8 nəfər stasionar müalicəyə cəlb edilib. 7 nəfər isə Bakı şəhərinə göndərilib.
Qeyd edək ki, ötən il keçirilən kütləvi tibbi müayinə aksiyasında əhalinin 67480 nəfəri və ya 67,7 faizi iştirak edib. Ötən dövrdə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən səhiyyə müəssisələri vərəm, hepatit B, göy öskürək, tetanus, qızılca və digər xəstəliklərə qarşı peyvəndlərlə təmin edilib, azyaşlı uşaqlar arasında peyvənd işləri aparılıb. Müayinələr vaxtı 37 nəfər vərəmli, 4 nəfər bruselyozlu xəstə aşkar olunub. Hər bir infeksion xəstəlik profilinə uyğun müalicə edilərək infeksiya mənbəyində profilaktik dezinfeksiya işi aparılıb, nəticədə təkrar xəstələnmə halları aşkarlanmayıb.
Hazırda rayonda əhaliyə 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanası, 5 kənd xəstəxanası, 19 həkim, 25 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tibbi xidmət göstərilir.
Ötən dövrdə 214 bronxial astma, 1677 şəkərli diabet, 403 onkoloji xəstə qeydiyyata alınıb və onlar güzəştli dərmanlarla təmin olunurlar.