REGİONLAR
Gədəbəydə kənd turizmi - evlərin gündəlik kirayə qiymətləri 30-50 manat arasında dəyişir REPORTAJ VİDEO
Gədəbəy, 13 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycanın zəngin turizm potensialına malik ərazilərindən biri də Gədəbəy rayonudur. Bu dağlıq rayonun zəngin təbiəti, tarixi abidələri, əsrarəngiz coğrafi məkanları var. Rayon, həmçinin gözəl iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi ilin bütün fəslində turistlərin diqqətini özünə çəkir. Yayda istirahətə gələnlər isə istirahət məkanı və otellərdən çox fərdi evlərə üz tuturlar. Elə buna görə də yay gələn kimi evlərini kirayəyə verən sakinlər öz hazırlıqlarını indidən görürlər, şəraitlərini qururlar.
AZƏRTAC xəbər verir ki, dağ kəndlərində turizmin inkişafı üçün geniş potensial var. Gədəbəyin Slavyanka kəndi də belə yaşayış məntəqələrindən biridir. Burada yay fəslində demək olar ki, sakinlərin əksəriyyəti evlərini turistlər üçün kirayə verirlər. Kəndin 3320 nəfər sakini var. Rayonun 7 ailəvi istirahət mərkəzindən 4-ü məhz Slavyankadadır. Kənd camaatı əkinçilik, xüsusilə də kartofçuluq və heyvandarlıqla məşğuldur.
Slavyanka kəndinin 86 yaşlı sakini Bəhrəm Quliyev bizimlə söhbətində bildirdi ki, kəndə gələn qonaq getmək istəmir. Həftələrlə burada istirahət edənlər olur. “Burada yay turizmi yaxşı keçir. Bakıdan, Gəncədən, Şəmkirdən, digər şəhərlərdən və rayonlardan gəlirlər. Onlar ailəlikcə gəldikləri üçün kirayə evlər tuturlar. Hətta bəzən burada 3 ay qalırlar. Kəndimizdə çox yaxşı şərait var. Yayda kənddə bir dənə boş ev tapa bilməzsən”, – deyə kənd sakini əlavə edib.
Qeyd edək ki, Slavyanka kəndi Gədəbəy rayonunun mərkəzinə gedən avtomobil yolunun üzərində yerləşir. Olduqca səfalı təbiəti, təmiz, mineral bulaqları olan və Narzan suyu ilə daha da məşhurlaşan bu kənddə təxminən 120-yə qədər ev sahibi öz mülkünü yayda turistlərin ailəvi istirahəti üçün kirayə verir. Turizm mövsümünə az qaldığından kənddə ev kirayəsi elanına da addımbaşı rast gəlinir. Evlərin kirayə qiymətləri isə gündəlik 30-50 manat qiymət arasında dəyişir.
“Slavyankaya gələnlər çox olur. Bulaqlarına görə diqqət çəkir. Buranın məşhur Narzan bulağı var. Həm də yay aylarında yaşıllıq çox olur. Bir sözlə, bu kəndin gəlib-gedəni çox olur. Evləri kirayə verənlər də çoxdur. Hər şərait var”, - Slavyanka sakini Yavər Məmmədov deyib.
Söhbət zamanı bir məqamın da şahidi olduq ki, slavyankalılar olduqca qonaqpərvər və mehribandırlar. Evini kirayə verənlərlə yanaşı, qapılarını təmənnasız qonaqların üzünə açanlar da az deyil...
Qeyd edək ki, Gədəbəy rayonunda mövsüm vaxtı tarixi məkanlara turist marşrutları üzrə atla və piyada, eləcə də avtomobillə ziyarət təşkil olunur. Ötən il yay mövsümü zamanı rayonu təxminən 50 mindən çox turist ziyarət edib.